2020-ci il dünyanı ağuşuna almış pandemiya ili kimi yadda qaldı. Dünya ölkələri bu bəlaya qarşı ölüm-qalım savaşı apardı, pandemiya dünya iqtisadiyyatına da çox ciddi zərbələr vurdu. Ölkəmiz üçün 2020-ci il pandemiyaya qarşı mübarizə ili olmaqla bərabər, həm də Zəfər ili kimi böyk bir tarixi əhəmiyyətə malik olan zaman kəsiyidir. Məlumdur ki, dünya ölkələri, o cümlədən Azərbaycan, COVİD 19-a qarşı mübarizə apardığı bir dövrdə torpaqlarımızı işğal altında saxlayan mənfur qonşularımız olan erməni faşistləri yenidən ölkəmizə qarşı təxribatlar törətməyə başladılar. Ordumuz Ali Baş Komandanın əmri ildə əks hücuma keçərək 44 gün ərzində düşmən qüvvələrini darmadağın edib onu təslim olmağa məcbur etdi. Əlbəttə, torpaqlarımızın işğaldan azad edilməsi mühüm tarixi hadisə idi. Lakin əasas məsələ postmüharibə dövründə nə etməli, hansı işlərdən başlamalı sualına da cavab tapmaq lazım idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün bu sualların cavabını çox gözəl bilirdi və ilkin olaraq işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və onunla paralel olaraq quruculuq işlərinə start verilməsinə göstəriş verdi. Qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə bir çox infrastruktur layihələri həyata keçirildi. Bütün bu işlər hal-hazırda da davam etməkdədir. Sözsüz ki, quruculuq və bərpa işləri ilə bərabər iqtisadi və siyasi sahədə də aparılan işləri də axsatmaq olmazdı. Bu baxımdan ölkə rəhbərinin təşəbüsü ilə işğaldan azad olunmuş ərəazilərdə müxtəlif mədəni-kütləvi beynəlxalq tədbirlər, eyni zamanda iqtisadi və siyasi mövzuda forumlar, konfranslar həyata keçirilir. Bütün bunlar vaxtilə haqqında bəhs etdiyimiz, lakin işğal altında olduğundan kimsəyə göstər bilmədiyimiz erməni vəhşiliklərini, erməni vandallığını dünyanın gözləri qarşısında sərgiləmək üçün edilir. Xarici ölkələrdən dəvət edilmiş siyasi xadimlər, elm adamları , mədəniyyət və incəsənət xadimləri gördükləri qarşısında donub qalırlar. Aprelin 29-da daha bir beyəlxalq konfrans ADA Universitetinin təşkilatçılığı ilə öz işinə başlamışdır. Bu konfrans "Cənubi Qafqaz : İnkişaf və əməkdaşlıq" mövzusunda həyata keçirilmişdir. Maraqlı məqamlardan biri də o olmuşdur ki, konfrans "Benəlxalq Şuşa Forumu" kimi yeni ad altında təşkil edilmişdir. Konfransda 23 ölkədən 40 nümayəndə iştirak etmişdir. Onlar əvvəlcə Şuşa şəhərinə səfər etmişlər. Nümayəndələr yol boyu aparılan quruculuq işləri ilə tanış olmuş, erməni faşistlərinin darmadağın etdikləri yaşayış məntəqələrini əyani şəkildə görmək imkanına malik olmuşlar. Konfrans iştirakçıları Şuşa şəhərində qısa zamanda həyata keçirilmiş quruculuq işlərini heyranlıqla qarşılamışlar. Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak tmiş və geniş nitq söyləmişdir. O, qeyd etmişdir ki, artıq müharibə bitmişdir, Qarabağ problemi deyilən problem yoxdur. İndi Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqda düşünmək lazımdır. Sevindirici haldır ki, son Brüssel görüşündə Azərbaycan tərəfindən verilmiş beş təklifin hamısı Ermənistan tərəfindən qəbul edilmişdir. Artıq onlar da anlayırlar ki, sülhün alternativi yoxdur. Qərara alınmışdır ki, sərhədlərin delimitasiyası ilənəlaqədar birgə komissiya yaradılsın. Sülhün bərqərar olması hər iki ölkənin xeyr inədir. Konfransda maraqlı məqamlardan biri də ondan ibarət olmuşdur ki, növbəti Forumun Laçında keçirilməsi təklif olunmuşdur. Bu təklif Azərbaycan Prezidenti tərəfindən rəğbətlə qarşılanmışır. O, qeyd etmişdir ki, Laçında da quruculuq işləri sürətlə davam etdirilir. Zəngilan aeroportu bu ilin sonunda, Laçın aeroportu isə 2024-cü ildə istifadəyə veriləcəkdir. Bütün bunlar da bu kimi beynəlxalq səviyyəli tədbirlərin o yerlərdə keçirilməsi üçün münbit şərait yaradır. Görülən işlər bir daha sübut edir ki, işğaldan azad edilən torpaqlarımızda həyat yenidən canlanacaq və öz axarı ilə davam edəcəkdir.Ələddin Əhmədov,Xocalı rayon ziyalısı